Elm və təhsilin inteqrasiyasını təşviq edən STEAM İnnovasiya Mərkəzi müasir təhsil məkanının innovativ nümunəsi kimi formalaşdırılmışdır. Fəaliyyətə başladığı dövrdən etibarən mərkəz ölkə üzrə mövcud olan digər STEAM mərkəzlərindən tədris məzmunu və fəaliyyət istiqamətləri baxımından fərqlənərək daha geniş imkanlar təqdim edir. Buraya müraciət edən müxtəlif yaş qruplarından olan şagirdlər və tələbələr XXI əsr bacarıqlarını yaradıcı düşüncə, əməkdaşlıq, problem həlli, biliklərin inteqrasiyası və müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə qabiliyyətlərini inkişaf etdirirlər.
Dördmərtəbəli xüsusi tədris binasında yerləşən Mərkəzin ilk üç mərtəbəsi Elm Muzeyi konsepsiyasına əsaslanaraq dizayn olunmuş, dördüncü mərtəbəsi isə STEAM modullarının tətbiqi üçün fəaliyyət zonaları kimi nəzərdə tutulmuşdur. Burada aviasiya məkanı, klassik Nyuton və uşaqlar üçün Nyuton otaqları, müxtəlif konfrans, oyun və konstruksiya zalları, ideya emalatxanası, “Heureka Classics” otaqları, robototexnika laboratoriyası, “3D Hologram” və VR/AR texnologiyaları otaqları, STEAM TV studiyası, eləcə də Elm Teatrı üçün nəzərdə tutulmuş geniş zal fəaliyyət göstərir.
Bu infrastruktur vasitəsilə Mərkəz həm şagirdlər, həm də tələbələr üçün elmi biliklərin tətbiqinə əsaslanan multidissiplinar tədris və tədqiqat imkanları yaradır.